Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2017

İsmayıllıda “Fitnə” sənədli filmi nümayiş etdirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, dini icmanın sədri Rəşid Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov radikalizm və onun yaratdığı fəsadlardan danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafı üçün görülən işlər, o cümlədən  milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edərək yad adət-ənənələri təbliğ etməyə çalışanlara qarşı aparılan mübarizə tədbirlərindən söz açıb.
İsmayıllı RİH başçısı Aparatının nümayəndəsi Murad Məhərrəmov dövlət–din münasibətləri, dinə dövlət qayğısı, “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov çıxışında İslam dinində fitnə yaratmağın böyük günah olduğunu və dinimizin bizi vəhdətə səslədiyini bildirib.
 Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.