Yanvarın 29-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu və Göyçay rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfransın əhəmiyyətini qeyd edərək bu gün İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. Natiq rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı danışıb. Geosiyasi maraqların getdikcə şiddətlənərək təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənməsinin dəhşətli nəticələrə səbəb olduğunu diqqətə çatdıran natiq bu gün bəzi müsəlman ölkələrində baş verən silahlı toqquşmaların məhz bu maraqdan irəli gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda da radikalizm meyillərinin güclənməsində maraqlı olan, ölkəmizin uğurlarını gözü götürməyən xarici qüvvələr vardır.
Mübariz Qurbanlı dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Komitə sədri bu sahədə qazanılan uğurları diqqətə çatdırıb. Azərbaycanlıların etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin təbliğinin prioritet məsələ olduğunu vurğulayan M.Qurbanlı bu sahədə maarifləndirmə işinə daha diqqətlə yanaşılmanın vacibliyini bildirib. Qeyd edib ki, gəncləri radikalizm meyillərindən çəkindirməkdə, bu sahədə onları yad təsirlərdən qorumaqda hər kəsin, xüsusilə din xadimlərinin üzərinə daha məsuliyyətli vəzifələr düşür. Unutmaq olmaz ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı, onu insanlara düzgün şəkildə çatdırmalıyıq.
Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıblar.
Günün ikinci yarısında konfransın işi panellərlə davam edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderator olduğu, "Ənənəvi İslam dəyərləri və çağdaş problemlər" mövzusunda baş tutan plenar iclasda AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Elvüsal Məmmədov “İslam dünyasında radikalizmin yaranma səbəbləri və onunla mübarizə", ilahiyyatçı Tariyel Rəsulov isə “İslamın düzgün təbliğ metodologiyası: bölgə dindarlığı kontekstində” adlı məruzələrlə çıxış ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderator olduğu və "Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğinin əhəmiyyəti" mövzusunda keçirilən ikinci plenar iclasda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Ənənəvi dəyərlərin təbliğ olunması: Gerçəklik və perspektivlər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin məsləhətçisi Oktay Orucov “Din və sosial media”mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yanvarın 30-da konfrans öz işini plenar iclaslarda davam etdirəcək.