15.11.2017
İslamın inanc konsepsiyasının sütunlarından biri Vətənə sevgidir
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Siyəzən şəhər Mədəniyyət Mərkəzində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Siyəzən RİH başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Siyəzən şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev deyib ki, Vətənə, doğma torpağa sevgini də imanın təzahürü kimi qəbul etmək lazımdır. Bu fikrə əsaslanaraq qeyd etmək olar ki, İslamın inanc konsepsiyasının sütunlarından biri Vətənə sevgidir. O, həmçinin gənclərimizi dini ekstremizm və xurafatın zərərli təsirlərindən qorumaq, onları Vətənə, dövlətə bağlı vətəndaş kimi formalaşdırmaq üçün uğurlu maarifləndirmə işi aparıldığını bildirib.
Siyəzən RİH başçısı Aparatının nümayəndəsi Balabəy Balabəyov tədbirin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. O, rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.
Daha sonra “Şəhadət” sənədli film nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.