23.06.2017
“İslamda tolerantlıq ənənələri və bərabərlik prinsipləri” mövzusu Masallı rayonunda müzakirə edilib
İyunun 23-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə layihəsi maliyyələşdirilmiş Masallı rayonu Şərəfə kənd məscidi dini icması “İslam həmrəyliyi və vəhdət” adlı layihə çərçivəsində “İslamda tolerantlıq ənənələri və bərabərlik prinsipləri” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şərəfə inzibati ərazi vahidliyinin baş məsləhətçisi Cavid Ziyadzadə, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, dövlətimiz multikultural dəyərlərə və tolerantlıq ənənələrinə həmişə önəm verib. O, müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın iki böyük məzhəbi arasındakı bəzi fərqliliklərin müzakirəsindən daha çox ortaq dini dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayaraq bu işdə dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı rayonu Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev və digərləri çıxışlarında multikulturalizmin Azərbaycan modelindən söhbət açaraq bildiriblər ki, ölkəmizdə tolerantlıq ənənələri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılıb və daha da inkişaf etdirilib. Bu gün bu strategiya möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara Dövlət Komitəsi tərəfindən çap edilmiş dini məzmunlu ədəbiyyat paylanılıb.