07.04.2017
“İslamda sosial ədalət və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 7-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “İslamda həmrəylik şüuru” layihəsi çərçivəsində “İslamda sosial ədalət və həmrəylik” adlı maarifləndirici tədbir keçirilib.
Şəhid Siyavuş Paşayev adına şəhər 6 saylı tam orta məktəbində keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədov, tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, dini icmanın sədri Aqil Əliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir ötən ilin aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə tədbiri açıq elan edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycan dövlətinin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən bir mesaj rolunu oynayıb. Azərbaycanın həmişə haqq və ədalətin tərəfində olduğunu qeyd edən natiq bildirib ki, bunun bariz nümunəsi Azərbaycanda digər dinlərin nümayəndələrinin eyni şərtlər altında yaşamalarıdır.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin mili sərvəti kimi dəyərləndirildiyini qeyd edib. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadir olduğunu vurğulayıb.
Daha sonra “İslamda sosial ədalət və həmrəylik” mövzusu ətrafında Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “Milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda isə rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədovun və tam orta məktəbin direktoru Elmira Şıxəliyevanın çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.