02.12.2017
“İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi uğurla icra olunur
Dekabrın 1-də Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasında “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, dini icmanın üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri İsmayıl Calalov layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Dini icma sədri tolerantlıq və həmrəyliyin xalqımızın mənəvi sərvətlərindən biri olduğunu bildirərək, ölkəmizdə sülh, əmin-amanlıq və həmrəylik şəraitində ayrı-ayrı xalqlar və digər dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini vurğulayıb. Çıxışına davam edən natiq, ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Eyni zamanda qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Sonda tədbir iştirakçılarını maraqlanıran suallar cavablandırılıb.