21.08.2017
“İslamda həmrəylik və sülh çağırışları” layihəsi uğurla icra olunur
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən “İslamda həmrəylik və sülh çağırışları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri F.Əhmədov mənəvi dəyərlər sistemimizin ayrılmaz parçası olan İslam dininin humanist və sülhsevər din olduğunu qeyd edib. Natiq milli-mənəvi və dini dəyərlərimizin təbliğinin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin zəruriliyindən söhbət açıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı V.Musayev tarix boyu xalqlara və millətlərə, onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşılan Azərbaycanın İslam həmrəyliyinin qorunmasında və inkişafında nümunəvi ölkələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Y.Nəsibov birlik və bərabərliyin İslam dininin ən əsas təməl prinsipləri olduğunu vurğulayıb. O bildirib ki, İslam həmrəyliyi dini radikalizmə qarşı ən effektiv mübarizə metodudur.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.