29.09.2017
“İslamda həmrəliyin və tolerantlığın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasi tərəfindən “İslamda həmrəliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli, QMİ-nin Neftaçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Vasif Əliyev, Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasinın sədri Rəşad Muxtarov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli çıxış edərək bildirib ki, dövlət başçısı 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan etməsi dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gələrək qanlı toqquşmalara son qoymaq kimi yüksək amallara xidmət edir. Natiq müsəlman dünyasının mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edərək, İslam həmrəyliyi və milli mənəvi dəyərlərimiz barədə ətraflı məlumat verib.
Daha sonra Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasının sədri Rəşad Muxtarov çıxış edərək dinə və dindarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Tədbirdə çıxış edən digər natiqlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.