09.02.2017
“İslamda birgəyaşayış və tolerantlıq ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib
Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən Zəngilan rayon 36 saylı tam orta məktəbdə “İslamda birgə yaşayış və tolerantlıq ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov, Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, məktəbin direktoru Ənvər Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ənvər Məmmədov dövlətin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də məcburi köçkünlərə göstərdiyi qayğıdan danışıb. Maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan məktəb direktoru məruzəsində Azərbaycan xalqının milli-mənəvi dəyərləri barədə şagirdlərə məlumat verib.
Daha sonra çıxış edən Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısıŞ.Əliyev Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq ənənələri və multikultural dəyərlərdən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin dövründə Azərbaycanda bu dəyərlərin keçdikləri inkişaf və zənginləşmə yolundan danışan Ş.Əliyev Ulu Öndərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov çıxışında İslam dininin sülh və əmin-amanlıq dini olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin tarix boyu birgə olduğu nadir ölkələrdəndir. Azərbaycan xalqının tolerantlığından sui-istifadə edən müəyyən radikal dini qrupların öz siyasi məqsədlərini həyata keçirmək üçün dini alət kimi istifadə etdiklərini, bununla da xalqımızın birgəyaşayış ənənələrinə zərbə vurmağı planlaşdırdıqlarını nəzərə çatdırıb. Fitnəkarların bu əməllərinə qeyri-qanuni dini cərəyanlarla nail olmağa çalışdıqlarını bildirən şöbə əməkdaşı, tədbir iştirakçılarına bu zərərli cərəyanlar haqqında ətraflı məlumat verərək onların ölkəmizdə yaranma tarixindən bəhs edib.