28.04.2017
“İslam terrora yox deyir” mövzusunda dəyirmi masa keçirilib
Aprelin 28-də Nizami rayonu V.Sadıqov adına 214 nomrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam terrora yox deyir” mövzusunda dəyirmi masa keçirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Fidan Aslanova, Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, dini qurumlarla işin təşkilatçısı Bəhmən Hüseynov, Rayon Ağsaqqallar şurasının sədri Mayıl Əliyevin də iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Esmira Ağayeva açıb. E.Ağayeva 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda keçirilməsinin çox mühüm tarixi hadisə olduğunu bildirib.
Daha sonra dinin cəmiyyətdə rolu, İslam dininə olan münasibət, din pərdəsi altında törədilən terror aktları, dini radikalizm və ekstremizmə aparan yollar, dünyəvi dövlətlərdə din və digər mövzulara dair şagirdlərin araşdırma, fikir və mülahizələri dinlənilib. Mövzulara dair sosial xarakterli videomateriallar izlənilib, müzakirələr aparılıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Aslan Sultanov məktəblilərin bu mövzu ətrafında araşdırma və müzakirə təşəbbüsünü müsbət hal kimi dəyərləndirib, qeyd edilən fikirlər ətrafında çıxışlar ediblər. Dini radikalizmə və ekstremizmə aparan yollar, din və məzhəb ayrı-seçkiliyinin törətdiyi faciələrdən, dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədilə atılan addımlardan danışıblar.
Nizami RİH başçısı Aparatının məsul əməkdaşları Əli Axundov və Bəhmən Hüseynov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Ağayev tədbirin mövzusu ətrafında geniş çıxışlar edib, şagirdlərin və gənclərin sağlam, savadlı mühitdə formalaşması üçün həyata keçirilən tədbirlərdən, atılan addımlardan, dövlətin bu sahəyə olan xüsusi qayğı və diqqətindən söz açıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.