Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.11.2017

İslam təfriqə və xurafata “yox” deyir

Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi - müsəlman dünyasının xilası” layihəsi çərçivəsində “İslam təfriqə və xurafata “yox” deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, RİH başçısının Dəkkəoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz İsayev, tam orta məktəbin direktoru Səlim Zeynalov, dini icmanın sədri Səmid Cavadov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zərdab RİH başçısı Aparatının nümayəndəsi Murad Həsənov layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açıb, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği üçün maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan qayğısı olduğunu qeyd edib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, əsrlərboyu cəmiyyətimizdə bərqərar olmuş ədalət, bərabərlik, insanpərvərlik və sülh ideyaları islami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşıb. Fanatizm və xurafatın mahiyyətində savadsızlığın dayandığını deyən Ə. Rəfiyev təhsil və maarifləndirmənin fanatizm və xurafat kimi neqativ fenomenlərə qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıb.
Daha sonra “İslam təfriqə və xurafata “yox” deyir” mövzusunda Xanməmmədli kənd məscidi dini icmasının sədri Səmid Cavadov, Dəkkəoba kənd məscidi dini icmasının sədri Nəsib Kərimov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və digər natiqlərin çıxışları dinlənilib. Çıxış edən natiqlər fanatizm və xurafatçılığın fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.  
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.