Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2017

“İslam sülhə və həmrəyliyə aparan yoldur” layihəsi uğurla icra olunur

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lerik rayon Ləmərüd kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülhə və həmrəyliyə aparan yoldur” layihəsi çərçivəsində  Ləmərüd kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov İslam dininin xalqımızın dünyagörüşünün formalaşmasında müstəsna rol oynadığını,  islami dəyərlərin və ənənələrin ölkəmizdə  həmişə uca tutulduğunu bildirib.
Kəlvəz kənd məscidinin din xadimi Habil Quliyev  islami dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu, İslam dininin öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət etdiyini qeyd edib.
Ləmərüd kənd tam orta məktəbinin müəllimi Xanoğlan Əbilov və başqaları çıxışlarında İslam dininin həmrəylik, tolerantlıq və dözümlülük dini olduğunu bildirərək, həyata keçirilən maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyətini vurğulayıblar.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.