23.11.2017
İslam sülhə və həmrəyliyə aparan yoldur
Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub Ağa” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülhə və həmrəyliyə aparan yoldur” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
“İslam sülh və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Baxşəliyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, dini icma sədri Hüseyn Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Aparatının nümayəndəsi Əziz Məsmalıyev rayondakı dini durum, dövlət və din münasibətləri barədə danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev qeyd edib ki, İslam yarandığı vaxtdan günümüzə qədər daim sülhün və həmrəyliyin tərəfdarı olub.
Daha sonra məruzə ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Ramil Baxşəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinin humanist və sülhsevər bir təşəbbüs olmaqla, ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu bildirib. O qeyd edib ki, bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
İcma sədri Hüseyn Hüseynov İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqında danışıb. Bildirib ki, tarixən tolerantlıq ənənələri mövcud olan ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
.jpg)