07.09.2017
İslam sülh və həmrəylik dinidir
Sentyabr 6-da Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” adlı layihəsi çərçivəsində Sinovli kəndində “Sülh Aylığı” na həsr olunmuş “Sülh-birlik, bərabərlik və həmrəylikdir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Osakücə kənd bələdiyyəsinin sədri Tərbiyə Cavadova, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mirzərza Əkbərov, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Sinovli kənd məscidi dini icmasının sədri İqrar Rəfiyev və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə birlik və bərabərliyin, sülh və həmrəyliyin təmin edilməsindəki mühüm xidmətlərindən bəhs edib.
Lənkəran ŞİH başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mirzərza Əkbərov kənd və qəsəbələrdə milli-mənəvi, multikultural və tolerant dəyərlərin qorunması, eləcə də İslam həmrəyliyinin təbliğindən danışıb. O eyni zamanda qeyd edib ki, “Sülh Aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin Azərbaycançılıq ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Sinovli kənd məscidi dini icmasının sədri İqrar Rəfiyev, din xadimi Samir Niftullayev çıxışlarında İslam dininin sülh dini olduğunu diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.