21.09.2017
İslam sülh, həmrəylik və vəhdət dinidir
Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının həyata keçirdiyi “İslam dini sülh, həmrəylik və vəhdət dinidir” layihəsi çərçivəsində İbrahimkənd kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Pirimov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
İbrahimkənd kənd tam orta məktəninin direktoru Ramiz Yunusov tədbiri giriş sözü ilə açıb və layihə çərçivəsində keçirilən dini maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dininin böyük rolu olub. Radikal dini düşüncələrin yayılması xalqımızın qədim dövrlədən malik olduğu ənənəvi dini dəyərləri ilə yanaşı milli dəyərlərimizə də mənfi təsir göstərir.
Tədbirdə çıxış edən Mərkəzi Cümə Məscidinin imamı Əlyəsə Əslanov bildirib ki, radikal dini cərəyanlara qarşı mübarizədə əsas silahımız düzgün şəkildə maariflənmək, milli-mənəvi dəyərlərimizə, ənənəvi dindarlığımıza sahib çıxmaq, onu dərindən öyrənmək və gənc nəsli bu istiqamətdə tərbiyə etməkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.