Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.12.2017

İslam humanizm və həmrəylik dinidir

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Ləj kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində rayonun Haftoni qəsəbəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, AMEA-nın doktorantı Samid Quliyev, Haftoni qəsəbə tam orta məktəbinin direktoru Sevər Ağayeva, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Haftoni qəsəbə tam orta məktəbinin direktoru Sevər Ağayeva çıxışında məktəbdə keçirilən maarifləndirmə tədbirinin vacibliyini vurğulayıb. S.Ağayeva gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin mühüm əhəmiyyəti olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli və dini həmrəyliyin hökm sürdüyü Azərbaycan cəmiyyətində humanizm prinsiplərinin əsas yer tutduğunu bildirib. E.Həmidli etnik-mədəni və dini müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizm, tolerant və multikultural dəyərlərin müstəsna rolu olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verən natiq bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin  aşılanmasıdır.
AMEA-nın doktorantı Samid Quliyev humanizm, həmrəylik və bəşəri ideyalara söykənən İslam dininin xalqımızın dünyagörüşündə və mənəvi inkişafında əhəmiyyətli yeri olduğunu diqqətə çatdırıb.                                                                                                                 
Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov və digərləri çıxışlarında keçirilən maarifləndirmə tədbirini yüksək qiymətləndiriblər.                                                     
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.