17.10.2017
İslam humanizm və həmrəylik dinidir
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara şəhəri “Qum” məscidi dini icmasının həyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində Astara rayon Maşxan kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında islami dəyərlərin ölkəmizdə uca tutulduğunu, xalqımızın milli-mənəvi dəyərləri ilə sıx bağlı olduğunu bildirib. Q.Məmmədov ölkəmizdə dinlər və məzhəblər arasında sağlam münasibətlərin, həmrəylik və qarşılıqlı ünsiyyətin mövcudluğundan danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev çıxışında əsrlərboyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və məzhəblər arasında mövcud olan qarşılıqlı hörmət, etimad və həmrəylik münasibətlərini vurğulayıb.
Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışlarında ölkəmizdə milli və dini həmrəyliyin hökm sürdüyünü, İslam həmrəyliyi ideyasında mühüm təşəbbüslərin ehtiva edildiyini qeyd ediblər. Natiqlər həyata keçirilən dini maarifləndirmə tədbirlərini dövlətin dinə qayğısı kimi yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.