27.07.2017
“İslam həmrəyliyi və İslami dəyərlərin təbliği” layihəsi uğurla icra olunur
İyulun 27-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər “Hacı İsmayıl” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və İslami dəyərlərin təbliği” layihəsi çərçivəsində “Azərbaycanda milli-mənəvi dəyərlər və multikulturalizm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Ələkbərov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş şəhər “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Ağdaş şəhər “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov çıxışında xalqımızın malik olduğu milli-mənəvi dəyərlərin təbliğatının genişləndirilməsinin və bu istiqamətdə din xadimləri və dini icmaların fəallığının önəmli olduğunu qeyd edib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Tural Ələkbərov Azərbaycanda multikultural və tolerant dəyərləri özündə əks etdirən xeyli sayda tarixi faktlar və abidələrin mövcud olmasının xalqımızın milli-mənəvi dəyərlərinin nə qədər qədimə söykəndiyinin göstəricisi olduğunu bildirib, eyni zamanda bu dəyərlərin ölkə daxilində və xaricdə təbliğatının vacibliyini diqqətə çatdırıb.
Daha sonra Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib, gənclərə bu cür maarifləndirmə tədbirlərində daha yaxından iştrak etmələrini tövsiyə edib.
Mövzu ilə bağlı çıxış edən Ağdaş rayon Xosrovkənd məscidinin imamı Rövşən Osmanov dövlətimizin dindarlara yaratdığı şəraitdən bəhs edib.