22.08.2017
İslam həmrəylik və vəhdət dinidir
Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “İslamda həmrəylik” mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, dini icma üzvləri, ağsaqqallar, axund və imamlar iştirak ediblər.
QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov çıxışında keçirilən layihənin əhəmiyyəti barədə danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslamın həmrəylik və vəhdət, eləcə də sevgi, əxlaq, sülh və əmin-amanlıq dini olduğunu deyib, milli-mənəvi və dini dəyərlər, eyni zamanda, İslam dininin əsl mahiyyəti haqqında geniş məlumat verib.
Daha sonra Ağsu RİH başçısı Aparatının nümayəndəsi Mirqubad Orucov “Heydər Əliyev və İslam həmrəyliyi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Ulu Öndər İslam dininin sülh, əmin-amanlıq, birgəyaşayış dini olduğunu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını qeyd edərək İslam mədəniyyətinin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirib və İslamın ümumbəşəri əhəmiyyətini xüsusi olaraq dəfələrlə vurğulayıb.
DTX-nın Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından və İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.