24.10.2017
“İslam həmrəylik dinidir” layihəsi çərçivəsində tədbir baş tutub
Oktyabrın 24-də Qəbələ şəhər dindarlarının məscidi dini icmasının həyata keçiridiyi “İslam həmrəylik dinidir” layihəsi çərçivəsində Qəbələ şəhər mədəniyyət mərkəzində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Qəbələ şəhər Cümə məscidinin imamı, QMİ-nin bölgə qazısı Ceyhun Rüstəmov, Cümə məscidinin imam müavini Taleh Şirinov, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ şəhər dindarlarının məscidi dini icmasının üzvü Taleh Şirinov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Cümə məscidinin imamı, QMİ-nin bölgə qazısı Ceyhun Rüstəmov bölgədə tarixən mövcud olan dini və etnik müxtəlifliyin Azərbaycan xalqının mənəvi zənginliklərindən olduğunu, dini radikalizmin İslam həmrəyliyinə təhlükə törətdiyini qeyd edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev mövcud dini durum, dövlət-din münasibətləri, eləcə də dövlətin dinə qayğısından bəhs edib. O, ölkəmizdə məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəraitdə yaşadığını, İslam dininin tolerant din olduğunu və insanları vəhdətə və birliyə çağırdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub.