18.04.2017
İslam həmrəylik, bərabərlik dinidir
Aprelin 18-də Quba rayonu Xucbala kənd məscidi dini icması tərəfindən Quba rayonu Aşağı Xuc kəndində “İslam həmrəylik, bərabərlik dinidir” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd sakinləri iştirak ediblər.
Dini icmanın sədri Həmdulla Vəliyev çıxış edərək bildirib ki, həyata keçirilən bu layihə Quba rayonunun Xucbala kənd inzibati ərazi vahidliyini əhatə etdiyindən silsilə olaraq Xucbala, Digah, Aşağı Xuc və digər kəndlərdə də baş tutacaqdır. Layihənin uğurla davam etdiyini bildirən icma sədri qeyd edib ki, keçirilən tədbirlərdə insanlara xeyli sayda maarifləndirici ədəbiyyat da paylanılıb.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında İslam həmrəyliyinin Azərbaycan modelinin dünyanın bir sıra müsəlman dövlətləri üçün nümunə olduğunu xüsusi vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxışında Azərbaycanda mövcud olan ənənəvi İslam dininin tarixi kökləri barədə məlumatları dinləyicilərin diqqətinə çatdırıb. O, vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına verilən önəmli mesajdır. Azərbaycanda multikultural mühitin mövcud olduğunu qeyd edən natiq bildirib ki, bunun bariz nümunələrindən biri ölkəmizdə digər dinlərin nümayəndələrinin müsəlmanlarla eyni şərtlər altında yaşamasıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin sifarişi ilə çap edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.