Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2017

İslam dininin təməlini sülh və qardaşlıq təşkil edir

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonu Kortala kənd dini icması tərəfindən həyata keçirilən “İslam dinində vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “Xalqımızın milli-mənəvi dəyərləri və onların yad təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə qazısı Hacı İbrahim İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. İcma sədri İslamın sülh və vəhdət dini olduğunu, müqəddəs kitabımızın dünyanı barışığa çağırdığını, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Qarayev isə bildirib ki, hər bir radikal fikir cəmiyyətdə stabilliyi pozmağa istiqamətlənib. vətəndaş və dindar kimi bizim borcumuz bu cür fikirlərə qarşı laqeyd qalmamaqdır.
Tədbirdə çıxış edən QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov çıxış zamanı vurğulayıb ki,  İslam dininin təməlini sülh və qardaşlıq təşkil edir. Bu din yarandığı andan insana böyük dəyər verib, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ edib.
Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov isə deyib ki, ölkəmizin sahib olduğu əmin-amanlıq şəraitini qorumaq üçün milli-mənəvi dəyərlərimizə sahib çıxmalı və radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmalıyıq.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.