Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.09.2017

İslam dini xurafata və mövhumata qarşıdır

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonu Katex   kənd Mərkəzi məscidi dini icması tərəfindən həyata keçirilən “İslam dini xurafata və mövhumata qarşıdır” layihəsi çərçivəsində “Xurafat dini savadsızlığın ilkin fəsadıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov və kənd dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Ramazan Babayev bildirib ki, dini savadsızlıq xurafat və mövhumata böyük zəmin hazırlayır, ona görə də dindarlar arasında bu cür tədbirlərin keçirilməsi zəruridir.
QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov İslamın elmə verdiyi dəyərdən danışıb, Qurani Kərim ayələri və hədislərdən sitatlar gətirib. O, həmçinin qeyd edib ki, bu gün radikal və ekstremist dini cərəyanlara qoşulanlar məhz elmdən uzaq olan və dinimizin mahiyyətini dərk etməyən insanlardır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov mövhumat, xurafat və cəhalət ifadələrinin bir-birinə yaxın mənalar ifadə etdiyini, bunların dini fanatizmə, dini radikalizmə və sonda terrorizmə gətirib çıxardığını söyləyib. O, həmçinin dindarların İslam dini barədə əsas ümumi biliklərə sahib olmalarının və din xadimlərinin bu bilikləri onlara lazımi səviyyədə təqdim etməyinin vacibliyini vurğulayıb. Xurafat, mövhumat və cəhalətlə mübarizədə İslam tarixindən nümunələr gətirən natiq bu gün də bu cür məsələlərdə qətiyyətli olmanın zəruri olduğunu söyləyib.