26.10.2017
İslam dini sülh, həmrəylik, elm və mədəniyyət dini kimi mütərəqqi dəyərləri özündə ehtiva edir
Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşı Emin Həmidli, kənd bələdiyyəsinin sədri Kamal Hüseynov, Qurumba kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev, dini icmanın sədri Hacıhəsən Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlərin İslamının əsl mahiyyətinin, dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini vurğulayıb. Q.Məmmədov çıxışının ikinci hissəsində “Erkən nikah və onun fəsadları” mövzusuna toxunaraq müasir cəmiyyətimizdə erkən nikahın yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıb.
Kənd sakini Elyar Babayev İslam dininin sülh, həmrəylik, elm və mədəniyyət dini kimi mütərəqqi dəyərləri özündə ehtiva etdiyini bildirib.
Daha sonra çıxış edən kənd bələdiyyəsinin sədri Kamal Hüseynov və başqaları çıxışlarında tarixən ölkəmizdə mövcud olan həmrəylik və dini tolerantlıq ənənələrinin qorunub saxlanıldığını və inkişaf etdirildiyini qeyd ediblər. Natiqlər Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.