Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.11.2017

İslam dini dostluq dinidir

Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər dindarları məscidi dini icmasının “İslam həmrəyliyi ili: həmrəyliyə dəvət və sülhə çağırış” layihəsi  çərçivəsində “İslam dini dostluq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Fuad Şirinov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev, Ağdaş şəhər dindarları dini icmasının sədri Vasib Əhmədov, Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, eləcə də din xadimləri və gənclər iştirak ediblər.
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev çıxışında dini maarifləndirmə tədbirlərinin gənclərin radikal təsirlərdən qorunmasında və milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynadığını bildirib.  
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar olaraq keçirilmiş maarifləndirmə tədbirlərinin radikalizmə qarşı mübarizədə effektiv vasitə olduğunu diqqətə çatdırıb. N.Əfəndiyev  bildirib ki, Dövlət Komitəsinin razılığı olmadan nəşr olunmuş dini ədəbiyyatlar radikal fikirlərin yayılmasına xidmət edir. Qeyd edilənləri nəzərə alaraq DQİDK-nın müvafiq icazəsi ilə nəşr edilmiş dini ədəbiyyatlardan istifadə edilməsi tövsiyə edilir.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev radikal dini cərəyanlar və təriqətlər barədə məlumat verib, radikalizmə qarşı mübarizənin müxtəlif üsullarından, xüsusilə də  dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. Bununla yanaşı, Şəhriyar İsmiyev dini radikalizmin fəsadları, cəmiyyət üçün yaratdığı təhlükələr və milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra mövzu ilə bağlı Ağdaş şəhər dindarları dini icmasının sədri Vasib Əhmədov çıxış edərək İslamda radikalizmə yer olmadığını bildirib, təhsilə önəm verən gənclərin radikalizmdən daha uzaq olduqlarını vurğulayıb.   
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb, DQİDK-nın razılığı ilə nəşr edilmiş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.