19.10.2017
İslam dini dostluq dinidir
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon Aşağı Nemətabad məscidi dini icması tərəfindən Aşağı Nemətabad kənd tam orta məktəbində “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində “İslam dini dostluq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Əlisa Fərəcov, Tural Ələkbərov, Aşağı Nemətabad kənd məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov, Ağdaş rayonu Yenikənd kənd tam orta məktəbinin direktoru Əli Əkbərov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tanrıverdi Kərimov, Aşağı Nemətabad kənd tam orta məktəbinin direktoru Gülnarə Kazımova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aşağı Nemətabad kənd tam orta məktəbinin direktoru Gülnarə Kazımova çıxışında islami dəyərlərlə mükəmməl şəkildə uzlaşmış milli-mənəvi dəyərlərimizin təhsil müəssisələrində təbliğinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, İslam dininin sülh və dostluq dini olduğunu vurğulayıb. Bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində İslam dinində yer alan mehribanlıq, həmrəylik və birlik ideyaları geniş şəkildə təbliğ edilir. Ə.Fərəcov, həmçinin hazırda müsəlman ölkələrində cərəyan edən neqativ proseslərin İslam dini ilə əlaqəsinin olmadığını, bu proseslərin siyasi məqsədlər üçün həyata keçirlidiyini qeyd edib.
Mövzu ilə bağlı çıxış edən dini icma sədri Məhəmməd Abdurahmanov İslam dininin sülh və dostluq dini olduğunu, Azərbaycanda mövcud olan həmrəylik mühitinin dünyada nümunə kimi qəbul edildiyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)