Şriftin ölçüsü:

Saytın rəngi:

18.02.2015

“İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirilib

Fevralın 18-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu ilə  birgə “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirib.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, müvafiq dövlət qurumlarının əməkdaşları, dini konfessiyaların rəhbərləri və nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işğal altında qalan abidələrimizdən danışaraq qeyd edib ki, Azərbaycan ictimaiyyəti erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də indiki Ermənistanda azərbaycanlılara və maddi-mədəniyyət abidələrinə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər məlumatlıdır. Hazırda bizim məqsədimiz bu faktları müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaqdır. Mübariz Qurbanlı bildirib ki: "Bizim "hücum diplomatiyamız"ın içində Ermənistanın törətdiyi vəhşiliklərin dünya ictimai rəyinə çatdırılması əsas yerlərdən birini tutur. Bununla bağlı Heydər Əliyev Fondu da böyük işlər görür. İşğal olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimiz, o cümlədən məscidlər dağıdılıb. Abidələrimizin ümumi sayı minə yaxındır. Onların içində həmçinin mədəniyyət abidələri, kitabxanalar, klublar, dini abidələr var. Ermənilər təkcə İslam dünyasına aid abidələri deyil, eyni zamanda, xristian abidələrini də dağıdıblar. Biz bu barədə ictimaiyyəti bir daha bilgiləndirmək istəyirik".
İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə cəmiyyətin məlumatlandırılmasıdır.
Konfransda "Erməni təcavüzü və dini abidələrimiz", "Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri" mövzularında məruzələr edildi. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı. Digər çıxış edənlər də konfransın aktual mövzuya həsr olunduğunu, erməni saxtakarlığının ifşasında belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Konfransın sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu arasında "Birgə əməkdaşlıq haqqında anlaşma Memorandumu" imzalanıb.