Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.03.2013

İSESCO Azərbaycanda yaradılacaq Tolerantlıq Mərkəzinə öz töfhəsini verəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri qəbul etmişdir. Görüş zamanı İSESCO ilə qarşılıqlı əlaqələr barəsində fikir mübadiləsi aparılmış, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqaməti müzakirə mövzusu olmuşdur.

Dövlət Komitəsinin sədri ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur. İSESCO-nun baş direktoru da öz növbəsində Azərbaycandakı toreantlıqdan məmnunluğunu ifadə etmiş və bildirmişdir ki, bu dünyada nadir rast gəlinən nümunədir.

Görüşdə ötən ilin dekabr ayında Bakıda keçirilmiş İSESCO-nun da həmtəşkilatçılığı ilə keçirilmiş “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu zamanı DQİDK, BMT-nin Azərbaycan ofisi və DƏ İKGF arasında imzalanmış anlaşma memorandumuna əsasən təsis edilmiş Tolerantlıq Mərkəzinin gələcək fəaliyyəti barəsində fikir mübadiləsi aparılmışdır. Görüşdə Mərkəzin fəaliyyətinə İSESCO-nun verə biləcəyi töhfələr barəsində müzakirə aparılmış və konkret layihələr ətrafında fikir mübadiləsi olmuşdur. İSESCO-nun Mərkəzin həmtəsisçisi olması haqqında təklif məmnunluqla qəbul edilmişdir.

DQİDK-nın mətbuat xidməti