Şriftin ölçüsü:

Saytın rəngi:

16.09.2013

İranlı nazir: “Mətbuatımız iki ölkə arasında olan mövzulara həssaslıqla yanaşmalıdır”

İki ölkənin müvafiq qurumları arasında “qaynar xəttin” yaradılması ideyası dəstək qazandı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Elşad İskəndərov, İrana işgüzar səfəri çərçivəsində İİR Mədənyyət və İslami İrşad naziri cənab Əli Cənnati ilə görüş keçirmişdir.
 
İranlı nazir  Dövlət Komitəsi sədrini və Azərbaycanın rəsmi heyətini səmimi salamlayaraq Azərbaycan Respublikası ilə onu bir çox xoş xatirələrin bağladığını qeyd etmiş, xüsusən Ümummilli lider Heydər Əliyevin İrana səfəri çərçivəsində Məşhədə etdiyi ziyarət zamanı onunla görüşü haqda xatirələrini bölüşmüşdür. Ə.Cənnəti həmçinin  İİR və Azərbaycan Respublikası arasında mədəni və dini sahədə əməkdaşlığın tarixi haqda və bu əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirmişdir.
Hazırda dünyanı narahat edən ən böyük problemlərdən birinin dini zəmində radikal və ifrat düşüncələrə malik dini hərəkatların olduğunu qeyd edən İranlı nazir, belə cərəyanların qarşısının alınmasında bütün dünyanın əməkdaşlıq etməli olduğnu vurğulayaraq, Azərbaycan ilə bu sahədə də müştərək fəaliyyətə hazır olduğunu qeyd etmişdir. Ə. Cənnati həmçinin Qarabağın işğalı ilə bağlı İran dövlətinin Azərbaycanın mövqeyini dəstəkləməsi, “İranın Qarabağın işğalını heç vaxt tanımadıgını” bildirmişdir. Səmimi keçən görüşdə Ə.Cənnəti İran və Azərbayan mətbuatında dini mövzular barədə qarşılıqlı yazılar, İslam mədəni irsi və elmi mübadilə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunmuş, ortaq İslam mədəniyyəti ənənələrinin yaşadılması zəruriliyi haqda fikirlərini bildirmişdir.
Öz növbəsində Elşad İskəndərov İranlı həmkarına dəvətə görə təşəkürünü bildirərək, digər sahələrdə olduğu kimi, Azərbaycan hökümətinin İran ilə dini sahədə də konstruktiv, qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduğunu qeyd etmişdir. DQİDK sədri Azərbaycanda dövlətin İslam dini dəyələrinə göstərdiyi gayğı haqqında ətraflı məlumat  vermiş, son illərdə bilavasitə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə görülən işləri xüsusi qeyd etmişdir. Dövlət komitəsinin sədri Azərbaycan hökümətinin bir sıra beynəlxalq forumlarda İslamofobiya ilə mübarizə sahəsində, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəyliyin artırılması sahəsində fəal rolunu qeyd etmişdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduğunu nəzərə çatdıran DQİDK sədri, Azərbaycan bu rolunun bütün müsəlman ölkələri üçün vacib olduğunu xüsusi vurğulamışdır.
Aparılan söhbət zamanı E. İskəndərov mətbuatın dini sahədəki məsələlərlə baglı, bəzən qarşı tərəf haqda əsassız məlumatların yaydığını nəzərə çatdıraraq, belə məlumatlara dövlət qurumları tərəfindən operativ reaksiya verilməsinin vacibliyini, bu məqsədlə təmsil etdikləri qurumlar arasında birbaşa, “qaynar xətt” formatında işləyən əməkdaşlıq mexanizminin yaradılmasını təklif etmişdir. İranlı həmkar həqiqətən mətbuatın iki ölkə arasında olan münasibətlərə həssas yanaşmasının vacib olduğunu vurğulayaraq, irəli sürülən təkliflə razı olduğunu qeyd etmişdir.
Xatırladaq ki, İranda mətbuatla iş məhz Mədəniyyət və İslami İrşad nazirliyinin fəaliyyət səlahiyyətlərinə aiddir.