24.11.2014
İranda keçirilәn beynәlxalq konfransda tәkfirçiliklә mübarizә yolları araşdırılıb
Noyabrın 23-dә İran İslam Respublikasının Qum şәhәrindә “Ekstremizm vә tәkfirçilik islam alimlәrinin gözü ilә” mövzusunda beynәlxalq konfrans keçirilib. Konfransda müasir dünyada baş verәn terror hadisәlәri vә bu hadisәlәrin İslam dini adı altında hәyata
keçirilmәsi kimi mәnfi hallar müzakirә edilib, buna qarşı mübarizә yolları araşdırılıb. Әllidәn çox ölkәnin tәmsilçilәrinin iştirak etdiyi konfransda Azәrbaycanı Qafqaz Müsәlmanları İdarәsinin sәdri şeyxülislam Allahşükür Paşazadәnin rәhbәrliyi ilә nümayәndә heyәti tәmsil edib.
Tәdbirdә İranın nüfuzlu islam alimlәrindәn ayәtullah Nasir Mәkarim Şirazi, ayәtullah Cәfәr Sübhani, ayәtullah Mәhәmmәd Gül Payqani, ayәtullah Mәhәmmәdәli Tәsxiri vә başqaları da iştirak ediblәr.
Beynәlxalq konfransda çıxış edәn şeyxülislam Allahşükür Paşazadә bildirib ki, hazırda müsәlman vә qeyrimüsәlman dünyası bәzi qüvvәlәr tәrәfindәn mәqsәdyönlü şәkildә qarşıdurma vәziyyәtinә gәtirilib. Tәәssüf ki, son vaxtlar müsәlman alәminә qarşı tәxribat vә fitnәkar münasibәtin güclәnmәsi demokratiyanın tәnәzzülә uğramasına dәlalәt edir. Allahşükür Paşazadә deyib ki, müsәlman ziyarәtgahlarının bombalanması, bayram vә matәm mәrasimlәrindә dinc әhalinin terrora mәruz qalması, müqәddәs Qurana qarşı hörmәtsizlik faktları, İslam Peyğәmbәrini tәhqir
edәn karikaturaların yaratdığı fәsadlar milli vә dini zәmindә qarşıdurma doğurur. Müasir dövrdә biz cәmiyyәt vә insan tәhlükәsizliyinә ciddi hәdә olan tәkfirçilik kimi dini tәriqәtlәrin vә cәrәyanların dağıdıcı fәaliyyәti ilә qarşılaşırıq. Belә hallar müsәlmanları narahat etmәyә bilmәz.
Şeyxülislam deyib: “Biz Azәrbaycanın ayrılmaz hissәsi olan Dağlıq Qarabağın vә әtraf rayonların işğalı, Xocalı soyqırımı, ermәni ekstremistlәrinin davamlı terrorunun acılarını yaşayan, mәscidlәrimizin dağıdılmasının, tarixi abidәlәrimizin mәhv edilmәsinin şahidi olan bir xalq kimi İraqdakı qәtliamlara, Suriyadakı qardaş qırğınına, özünü “İraq vә Şam İslam Dövlәti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın hәr gün törәtdiyi rәzalәtlәrә laqeyd qala bilmәrik. Buna görә dә biz ekstremizmlә, terrorla, ideoloji tәxribatın mәnbәyi olan tәkfirçiliklә mübarizәdә әn tәsirli vasitәlәrdәn birini islami hәmrәylik vә sülhsevәr ictimaiyyәtin vahid әmәkdaşlığında görürük”.
Konfransda Rusiyadan, Qazaxıstandan, Pakistandan, İraqdan, Suriyadan, Hindistandan, Sudandan, Fәlәstindәn, Әlcәzairdәn, Әfqanıstandan vә başqa müsәlman dövlәtlәrindәn islam alimlәrinin mәruzәlәri dinlәnilib, tәkfirçiliklә mübarizә üçün tәklif olunan metodlar nәzәrdәn keçirilib.