03.06.2017
“İnsan Hüquqları aylığı” mövzusunda tədbir keçirilib
İyunun 2-də Laçın rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı” mövzusunda tədbir keçirilib.
Tədbiri Laçın Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildirib. O, bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edib.
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elşən Quliyev “Azərbaycan dövləti daima İnsan hüquqlarının təminatçısıdır”mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında Laçın rayon Təhsil Şöbəsinin metodik kabinetinin müdiri Natiq Abduləzimov, Laçın rayon Polis şöbəsinin əməkdaşı Aqşin Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə fikir mübadiləsi aparıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.