“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir
İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "İnsanların inanc azadlığına hörmət hüquqi-mənəvi borcumuzdur" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Kamil Bağırov və şöbənin əməkdaşı Elvin Hüseynli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhriyar Şabiyev və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli bildirib ki, Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm kimi ali dəyərlər, həmçinin İslam dəyərləri müstəsna rola malikdir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Kamil Bağırov çıxışında insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Digər çıxışçılar ölkəmizdə bütün dinlərin nümayəndələrinin hüquq, inanc və azadlığına hörmət edildiyini qeyd ediblər.
***
“İnsan hüquqları aylığı” çərçivəsində daha bir tədbir Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən rayonunda keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri, Balakən Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, rayon ictimaiyyətinin nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı müxtəlif mədəniyyətlərə və dinlərə mənsub millətlərin nümayəndələrinin tarix boyu Azərbaycanda əmin-amanlıq şəraitində yaşadıqları vurğulanaraq bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb. Ölkəmizdə etiqad, inanc azadlığı bərqərar olunub, vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapıb, Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununda geniş şəkildə təsbit olunub. Daha sonra dövlətimiz tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmət etməyin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib.


