04.06.2018
“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir
İyunun 4-də İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin direktoru Polina Radaeva, müəllimlər və şagirdlər iştirak ediblər.
RPŞ-nin baş inspektoru Rahim Orucov əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində hüquq pozuntularının qarşısının alınması yolları, erkən nikah, boşanmalar və onların ağır nəticələri haqqında danışıb.
“Dini etiqad azadlığı haqqında” Azərbayan Respublikasının Qanunundan bəhs edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın qanun qarşısında bərabər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra RİH başçısı Aparatının psixoloqu Bəhruz Xələfov hüquqların təmin edilməsi mexanizmindən söhbət açıb və bu sahədə son dövrlər dövlət tərəfindən görülən işlərin müsbət nəticəsini vurğulayıb.
Məktəbin direktoru Polina Radaeva mövzunun əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin şagirdlərin maariflənməsi baxımından mühüm rola malik olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.