"İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə "İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüququ mənəvi borcumuzdur” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabiarabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm kimi ali dəyərlər, həmçinin İslam dəyərləri müstəsna rola malikdir.
