İmişlidə maarifləndirmə tədbiri baş tutub
Oktyabrın 3-də İmişli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ehsan süfrələrinin sadələşdirilməsi ilə bağlı maarifləndici tədbir keçirilib.
Tədbirdə İmişli RİH başçısının birinci müavini Səfa Ağayev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, dini icma sədrləri və din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Səfa Ağayev açaraq bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə dəstək verir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov bildirib ki, ölkədə yas mərasimlərinin sadə şəkildə keçirilməsinin təmin edilməsi üçün maarifləndirmə işi aparılır. Bu məqsədlə tanınmış din xadimlərinin, ictimaiyyət və dövlət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər bu gün də davam etdirilir.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov qeyd edib ki, yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, yas məclislərini aparan rəsmi imam, imam müavinləri və dini ayin icraçılarının üzərinə mühüm vəzifələr düşür. Din xadimləri məclis və yığıncaqlarda insanlarla daha çox ünsiyyətdə olduğundan cəmiyyətin digər üzvləri ilə müqayisədə onlar daha çox aktivlik nümayiş etdirməlidirlər.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


