Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2015

İmişlidə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başlayıb

Mayın 19-da İmişli rayonundakı Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Azərbaycan Respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı Çingiz Qənizadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayədəsi Adıgözəl Bəşirov, İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edənlər dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıblar.
DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən bəhs edib. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. O bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda təhsil və maarifçilik işinə diqqət yetirməyin vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır.
Konfransda çıxış edən millət vəkili Çingiz Qənizadə, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edərək, dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Konfransın açılışından sonra DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə  "Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği" mövzusunda ilk panel keçirilib.  Paneldə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Dini radikalizm və onunla mübarizə üsulları”, Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun “ Milli – mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzusunda məruzələri dinlənilib.  Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Konfransda vurğulanıb ki, ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digərləri üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur.
Konfrans başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı İmişlidəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə hədiyyə təqdim edib.