Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.12.2016

İmişlidə “Beynəlxalq terrorizm və dini radikalizmə qarşı mübarizə sahəsində qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib

Dekabrın 2-də İmişli rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və İmişli rayon Dövlət Təhlükəsizliyi Xidmətinin  birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və dini radikalizmə qarşı mübarizə sahəsində qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli rayon Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Ramin Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, İmişli Rayon İcra Hakimiyyəti başçısı AparatınınHüquq şöbəsinin müdiri Rahim Zahidov, İmişli şəhər “Cümə” məscidinin axundu Adıgözəl Bəşirov,  Rayon Polis Şöbəsinin, Rayon Prokurorluğunun, Rayon Təhsil Şöbəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Rahim Zahidov dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıb. DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov radikal dini cərəyanlar haqqında danışaraq onların ölkəmizdə təbliğatlarının fəaliyyət istiqamətləri və təbliğat metodları haqqında məlumat verib. Daha sonra çıxış edən  İmişli rayon Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Ramin Əliyev bildirib ki, radikal dini cərəyanlar dövlətimizin dünyəvi xüsusiyyətini dəyişməyə, mövcud sabitliyi pozmağa, dini təfriqə yaratmağa, insanları təriqətlərə bölməyə, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qruplara və  silahlı dəstələrin tərkibinə cəlb etməyə cəhd göstərirlər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və belə tədbirlərin keçirilməsinin əhəmiyyəti yüksək dəyərləndirilib.