30.04.2018
İmişlidə aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib
Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmişli rayon 1 saylı tam orta məktəbdə “Aprel şəhidlərinin hünəri gənclərimizin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasına əvəzsiz töhfədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elbəy Dəmirov, İmişli rayon 1 saylı tam orta məktəbin direktoru Akif Mövsümov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov və şagirdlər iştirak ediblər.
Əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru A. Mövsümov açaraq bildirib ki, şəhidlik zirvəsinə uca amallar uğrunda canından keçən, xalqını, Vətənini sevən, dövlətin ərazi bütovlüyünü hər şeydən üstün tutanlar yüksəlirlər. Qeyd edib ki, hər bir Azərbaycan gənci də öz məsuliyyətini dərk etməli, Vətən üçün özünü fəda edənlərin yolunu davam etdirməlidirlər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşı E. Dəmirov və 1 saylı tam orta məktəbin direktor müavini M. Fəttahov çıxış edərək şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında şəhidlərin şücaətinin nümunə olduğunu diqqətə çatdırıblar.