“Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqələr” mövzusunda 2014-cü ilin mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə iştirak edən qonaqlar bildirdilər ki, tolerant ölkə, milli, dini birlik nümunəsi olan Azərbaycanın gələcəyə baxış təcrübəsi nümunədir
Bakıda “ Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqələr” mövzusunda 2014-cü ilin mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü yekunlaşdı. Görüş iştirakçılarının da vurğuladığı kimi, Azərbaycan tolerantlığının təbliği istiqamətində aparılan islahatların qabaqcıl təcrübə kimi öyrənilməsi səmərəli oldu.
Avropa Şurası Nazirlər Komitəsinə altı ay müddətində sədrlik edəcək Azərbaycanda biri-birindən maraqlı tədbirlərin keçiriləcəyini qurumdakı çıxışı zamanı bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, sədrliyimiz Avropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir: “Eyni zamanda, bu, bizim üçün ölkəmizi təqdim etməkdə gözəl fürsət olacaq və həmçinin müxtəlif Avropa ölkələrində narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanını yaradacaqdır. Bunlar demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma kimi məsələlər olacaqdır.” Qısa müddətdə AŞPA -nın sessiyasına, korrupsiya ilə bağlı beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycan daha da bir mühüm beynəlxalq tədbir reallaşdı.
Çıxışı zamanı ötən illərdə AŞ ilə birgə keçirilən tədbirləri xatırladan Prezident İlham Əliyev qeyd etdi ki, 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı Azərbaycan olub. İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin iştirak etdiyi həmin tədbirin davamı kimi 2009-cu ildə keçirilən görüşlərə Avropa Şurasının mədəniyyət nazirləri də dəvət olundu. Bu istiqamətdə tədbirlərin əhəmiyyətini , “Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır” sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, mədəniyət və dinlərarası görüşlər xalqları yaxınlaşdıran başlıca amillərdəndir : “ Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalı olaraq diqqət yetirəcəyik. Çünki bunun üçün böyük ehtiyac vardır. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyillərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir.”
Bu baxımdan Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqələr mövzusunda 2014-cü ilin mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin görüş iştirakçılarına müraciətində qeyd olunduğu kimi fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakıda belə bir tədbirin keçirilməsi rəmzi xarakter daşıyır: “ Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq xüsusilə qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərmişdir.”
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mübadilə görüşünün, belə mühüm dialoqun Bakıda keçirilməsini ölkəmizin həyatında mühüm hadisə adlandırmaqla vurğuladı ki, müzakirə olunan məsələ Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə üzərinə götürdüyü zaman müəyyənləşdirdiyi əsas prioritetlərin tərkib hissəsidir. “Prioritetlər isə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək və ədaləti qorumaqdır” söyləyən komitə sədri əlavə etdi ki, çoxmillətli və çox konfessiyalı dövlət kimi Azərbaycan beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, iki və çoxtərəfəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin forması olduğundan hər iki amilə sülh və sabitliyin başlıca amili kimi diqqət yetirilməlidir.
AŞ Baş katibinin müavini Qabriella Battaini- Draqoni mübadilə görüşünü dinlər və xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli təşəbbüs kimi dəyərləndirərək bildirdi ki, Şimalla Cənubu, Qərblə Şərqi birləşdirən Azərbaycanda dini müxtəliflik ənənələri cəmiyyətin daxilində kök salıb, xalqın mədəniyyətində əksini tapıb. Əsrlər boyu buddist, katolik, müsəlman tacirləri məhz İpək Yolundan keçən burada dinc yanaşı yaşayıb və mehriban şəraitdə işləyiblər.
Əsas mövzularından biri multikulturalizm olan Bakı Beynəlxalq Humanitar Forumlarında da qeyd olunurdu ki, Azərbaycanda heç vaxt dini, yaxıd milli zəmində qarşıdurma, anlaşılmazlıqlar olmamışdır. “Çünki mültikulturalizm bizim həyat tərzimizdir.
Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur. XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganəlik təhlükəli fəsadlar törədə bilər. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bəzi hallarda təxribat xarakterli addımlar, bəyanatlar, hərəkətlər qeyri-adekvat reaksiya ilə üzləşir və beləliklə qarşıdurma, qarşılıqlı etimadsızlıq meyilləri güclənir.
Qloballaşma məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər dövlət, din və elm xadimlərindən vahid ideya ətrafında birləşməyi tələb edir. Konfessiyalararası dialoqun gücləndirilməsi, dünya xalqlarının tolerantlıq və qarşılıqlı hörmət ruhunda tərbiyə edilməsi tək din xadimlərinin deyil, bütünlükdə cəmiyyətin başlıca vəzifəsi olmalıdır.
Hər bir azadlıq kimi vicdan və din azadlığı üçün də Azərbaycanda münbit şərait formalaşmışdır. Ölkəmizdə dövlət-din münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir. Demokratik dünyəvi, hüquqi dövlət olan Azərbaycanda din dövlətdən ayrı olsa da ölkəmizdə dini etiqad azadlığı mövcuddur. Hər kəs etiqad etdiyi dinə münasibətini sərbəst ifadə etmək hüququna malikdir.
Çox təəssüf ki, xalqların birgə yaşayış tərzini istəməyən, sabitliyi boğmaq üçün milli münasibətlərdən, tolerantlıqdan istifadə edən radikal dini qruplaşmalar mənfur niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Bəzi təriqətlərə məxsus radikal təşkilatların pozuculuq fəaliyyətləri ictimaiyyət tərəfindən narahatlıqla qarşılanır və pislənilir.
Azərbaycanın son illərdə dünya birliyində əldə etdiy uğurlara kölgə salmaq istəyən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən missionerlər ölkəmizin dövlətçilik ənənələrinə, idarəçilik sisteminə təsir etmək üçün təxribatlara ələ atırlar. Təfəkkürü hələ də formalaşmamış gəncləri aldadaraq, onları “ rahat həyat” vədləri ilə şirnikləndirərək təhlükəli ideyaların yayılmasına cəhd göstərirlər. Azərbaycanda heç vaxt dini zəmində ayrı seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur.
Görünür Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycanın dünya iqtisadi sistemində möhkəmlənən mövqeyi , artan və möhkəmlənən nüfuzu ölkəmizə qarşı daim qərəzli mövqeydə dayanan bəzi dairələr kimi missioner təşkilatları da qıcıqlandırır. Buna görə də şüurları hələ formalaşmamış gəncləri müxtəlif təriqətlərlə bağlı təhlükəli cərəyanlara cəlb etməklə ölkəmizdə siyasi sabitliyi pozmağa cəhd edirlər.
Belə qərəzli qüvvələr bilməlidirlər ki, Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya dövlətlərində təcrübə kimi yayılır, Azərbaycan dünyada tolerantlıq məkanı, dözümlülük, mültikulturalizm mərkəzi kimi tanınır. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, respublikamız dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdəndir.
Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələni müzakirə edən Davos İqtisadi Forumunun, dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana Forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisə idi.
Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Belə mühüm tədbirlər üçün Azərbaycanın seçilməsi onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Artıq ənənə kimi davam etdirilən Bakı Beynəlxalq Humanitar Forumlarının keçirilməsi üçün Azərbaycana üstünlük verilməsi ölkəmizə diqqət və marağın ifadəsidir.
Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin qorunub saxlanılmasında böyük xidmətləri olan, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış, Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutaraq ali dəyərlərə söykənən Heydər Əliyev Fondunun proqram və layihələri də diqqəti cəlb edir. Mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə yönəldilən layihələrə üstünlük verən Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər əlamətdar hadisələr kimi yaddaşlarda iz salır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən və müxtəlif dövlətlərdən gələn 300-dən artıq təmsilçinin iştirak etdiyi “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərdə qlobal problemlərlə “yüklənən” dünyamızda ictimaiyyəti düşündürən həlli vacib məsələlərin müzakirəsi rəğbətlə qarşıladı.
Bütün məqamlarda bir amilə xüsusi diqqət yetirilir: BMT-nin “Minillik Bəyannamə”sini rəhbər tutaraq tam qloballaşma prosesinə, müasir dövrümüz üçün xarakterik olan birgəyaşayış qaydalarına ədalətlə yanaşılmalıdır. Çünki XXI əsrdə elmin və texnikanın tərəqqisi insanı, cəmiyyəti və bütünlükdə sivilizasiyanı dərin dəyişikliklərə məruz qoyur. Bu baxımdan dayanıqlı iqtisadi inkişafın, insan kapitalının yeni keyfiyyətlər üzrə formalaşması tələbi qaçılmazdır.
Buna görə də multikulturalizm konsepsiyasına yeni yanaşma və onun müasir cəmiyyətdə getdikcə daha böyük əhəmiyyət daşıması təbiidir.
Bu sahədə isə Azərbaycanın böyük təcrübəsi vardır. Doğrudan da Şərqlə Qərb arasında körpü olan Azərbaycan xalqların birlik və əməkdaşlıq əlaqələri üçün də əlverişli, sülh və sabitlik məkanıdır. Azərbaycanın sivilizasiyalararası dialoqların təşkilindəki təşəbbüsləri dəstəklənir. Bu təcrübənin belə humanitar Forumlarla davam etdirilməsinin özü insanlığa verilən qiymət, xalqların milli- mənəvi dəyərlərinə hörmətdir.
Xuraman İsmayılqızı, “İki sahil”