Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.01.2017

II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması maarifləndirmə tədbiri təşkil edib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması yanvarın 13-də kəndin “Molla Hud” məscidində “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizədə multikultural dəyərlərin rolu” adlı tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının II Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Dəyanət Hacıyev, II Nügədi kənd bələdiyyəsinin sədri Mübariz Qələmiyev, II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və əraziyə daxil olan kəndlərin sakinləri, dindarlar, gənclər iştirak ediblər.
Quba RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, ölkəmizdə radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb. Qeyd edib ki, ötən il “Multikulturalizm ili” çərçivəsində respublikamızda, o cümlədən Quba rayonunda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanın multikultural ənənələri və tolerant dəyərləri bir daha bütün dünyaya nümayiş etdirilib. Bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunub. Hər birimizin əsas vəzifəsi respublikamızda mövcud olan ictimai-siyasi və dini sabitliyi qorumaq, dini radikalizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə aparmaqdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanda mövcud olan ənənəvi İslamın xüsusiyyətləri dünyanın ən mütərəqqi ölkələri tərəfindən də tədqiq və təbliğ olunur. Ölkəmizdə dini sahəyə dövlətin qayğısını xüsusi vurğulayan natiq bildirib ki, dövlət başçısının müvafiq sərəncamları və göstərişləri ilə ölkəmizdə yüzlərlə ibadət evləri tikilir, yenidən bərpa edilərək dindarların ixtiyarına verilir. Təəssüflər olsun ki, bəzi şəxslər radikal dini cərəyanların təsiri altına düşür, ölkə qanunvericiliyinə zidd olaraq başqa ölkələrdə gedən münaqişələrdə iştirak edirlər. Onlar İslam dininin prinsiplərinə tamamıilə zidd əməllər törədirlər. Gənclərimizi düzgün maarifləndirmək lazımdır.
II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında dövlətin dini icmalarına göstərdiyi qayğını yüksək qiymətləndirdiyini bildirib, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə də Prezident İlham Əliyevə minnətdarlığını bildirərək qeyd edib ki, dini icmalara göstərilən qayğı onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da möhkəmləndirir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.