Hərbi hissədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçlığı ilə hərbi hissədə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini Anar Kazımov, Beyləqan rayon Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Çıxış edən natiqlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildiriblər ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb.
