Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.03.2017

“Həmrəylik Festivalı – 2017”

Azərbaycanda yaşayan digər azsaylı xalqların icmalarının, eləcə də müxtəlif xarici ölkə səfirliklərinin təmsilçiləri dostluq və bərəkət rəmzi olan Novruz bayramını “Həmrəylik Festivalı-2017”də böyük coşqu ilə qeyd ediblər.
Martın 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) birgə təşkilatçılığı ilə "Həmrəylik Festivalı-2017" adlı festivalı keçirilib.
Tədbiri açıq elan edən AGAT-ın sədri Nərgiz Xələf ölkəmizin multikultural dəyərlərə sadiq qaldığını bildirərək, müxtəlif xalqların dostluq və sülh şəraitində yaşadıqlarını qeyd edib. Bildirib ki, festivalın həyata keçirilməsində əsas məqsədlərdən biri İlaxır çərşənbədə bayram ənənələrinə uyğun olaraq, ölkəmizdəki xalqların Novruz sevincini birgə yaşaması, müxtəlif mədəniyyətlərin və ənənələrin təqdimatına nail olmaqdır. Qonaqları bayram münasibətilə təbrik edən natiq ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunduğunu diqqətə çatdıraraq “Həmrəylik Festivalı-2017”nin bu ilə töhfə olacağına ümidvar olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Azərbaycanın zəngin ənənələrini özündə əks etdirən Novruz bayramının müxtəlif xalqların gənclərinin yüksək səviyyədə qeyd etməsini təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu, ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə sadiq olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkəmizin multikulturalizm modeli dünya xalqları üçün bir nümunəyə çevrilib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Novruz bayramı ərəfəsində bu cür xoş ovqatlı, musiqili tədbirə görə təşkilatçılara təşəkkür edib.
Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin keçən ili “Multikulturalizm ili” elan etməsini xatırladaraq, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin daşıyıcıları olan xalqların sülh və dostluq şəraitində yaşadıqlarını vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi, Mədəni İrs Siyahısına daxil olmasını diqqətə çatdırıb.
Festivalda AGAT-ın 2009-cu ildə yaratdığı "Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası"na daxil olan 8 icmanın təmsil etdikləri ölkələr, 5 ərəb ölkəsi, Pakistan, İndoneziya, İsrail və s. təmsilçiləri iştirak ediblər.
Festival çərçivəsində müxtəlif xalqların milli mətbəx nümunələri, əl işləri, milli geyimləri nümayiş etdirilib. Fərqli mədəniyyət təmsilçilərinin milli rəqs və ifaları da rəğbətlə qarşılanıb. Azərbaycanla yanaşı, tatar, yəhudi, türk, fələstin və digər xalqların gənclərinin rəqsi və ifaları iştirakçılarda xoş ovqat yaradıb.