28.03.2017
“Həmrəylik-birliyə çağırış metodu kimi” mövzusunda tədbir keçirilib
Martın 28-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nizami rayonunda yerləşən şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Həmrəylik-birliyə çağırış metodu kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova, Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Əli Alıyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əli Alıyev mənəvi dəyərlər sistemimizin ayrılmaz parçası olan İslam dininin humanist və sülhsevər din olduğunu qeyd edib, məktəblərdə bu mövzuda maarifləndirmə tədbirlərinin təşkilinin xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova cəmiyyətdə milli-mənəvi dəyərlərimizin ayrılmaz bir parçası olan müqəddəs dinimiz İslama münasibətin düzgün və sağlam əsaslarla formalaşdırılmasının vacibliyindən söz açıblar. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu ifadə edən geniş məruzələrlə çıxış ediblər.
Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov öz çıxışı zamanı dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.