Hacıqabulda "Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn konfrans keçirilib
Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Hacıqabul Hacıqabul Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, rayon Mədəniyyət Evinin əməkdaşlarının iştirakı ilə “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərov, Mədəniyyət Evinin rəhbəri Elnur Əmiraslanov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Füzuli İbrahimov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları Alpay Şərifli və Sadiq Məmmədov, eləcə də gənclər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb.44 günlük müharibədə qazandığımız bu qələbəyə görə öz sağlamlıqlarını qurban verərək sinəsini Vətənə sipər etmiş qazilərimizə və gözünü qırpmadan düşmən üzərinə hücum edən bütün Vətən müharibəsi iştirakçılarına bir daha təşəkkür edilib. Onların yazdığı tarixin bundan sonrakı dövrdə bir qəhrəmanlıq salnaməsi kimi bizdən sonra gələcək olan nəsillərə də ötürüləcəyi vurğulanıb. Qeyd edilib ki, dövlətimizin rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqət göstərilir. Daha sonra qazilər və Vətən müharibəsi iştirakçıları müharibə dövründə keçdikləri çətin döyüş yolundan, igidlərimizin göstərdiyi misilsiz şücaətlərdən söhbət açıblar.
