18.10.2017
Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Hacıqabul rayonu Abdulabad kənd ‘’Cümə’’ məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev, Abdulabad kənd Cümə məscidi dini icmasının sədri Həsrət Şıxalıyev, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icma sədri Həsrət Şıxalıyev layihə çərçivəsində keçrilən tədbirlərin əhəmiyyətindən danışıb, bu tədbirlərin əhalinin, xüsusilə də gənclərin dini maarifləndirilməsində oynadığı roldan bəhs edib.
Hacıqabul RİH başçısı Aparatının nümayəndəsi Elvin Şıxalıyev bildirib ki, Azərbaycanda aparılan düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı başqa dinlərin nümayəndələri də mehriban şəkildə yaşayır. Tariximizin istənilən mərhələsinə nəzər saldıqda heç bir milli, dini və irqi zəmində münaqişə baş verməyib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov ölkəmizdə mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısından bəhs edib. O, ölkəmizdə heç bir məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəkildə yaşadığını, İslam dininin vəhdət, birliyə çağırış, tolerant din olduğunu dinləyicilərin nəzərinə çatdırıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

.jpg)