Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2016

Hacıqabulda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 26-da Hacıqabul rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ''Dünyəvi dövlətdə din: Azərbaycan modeli'' mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Dini Qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov və şöbənin baş məsləhətçisi Vüqar Hümbətov, Komitənin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, şöbənin məsləhətçisi Mürşüd Rzayev,  Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini işlərin təşkilatçısı Elvin Şıxalıyev, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi İntiqam Mirqani, məktəblilər, rayon müəllimləri , dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini işlərin təşkilatçısı Elvin Şıxalıyev dövlətimizin dinə, dindarlarımıza qayğısından bəhs edib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizm, radikalizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından danışıb.
Sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov məruzəsində dövlətimizin dinimizə göstərdiyi qayğıdan, tolerant və multikultural dəyərlərdən, xalqımızın bu milli-mənəvi dəyərlərə sahib çıxmasından  danışıb.
QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi İntiqam Mirqani çıxışında dövlətimizin dinə dəstəyini xüsusi vurğulayıb.  
Sonda tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənilib.