28.11.2016
Hacıqabulda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Anar Kərimov, Qaz kompressor stansiyasının rəisi Elşən Miriyev və əməkdaşları iştirak ediblər.
Dövlət Təhüləsizliyi Xidmətinin əməkdaşı Anar Kərimov çıxış edərək bildirib ki, dini radikalizmə qarşı mübarizə həm də maarifçilik yolu ilə aparılmalıdır. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, ailə dəyərlərinə bağlıdır. O qeyd edib ki, ölkəmizdə dini xurafata və dini radikalizmə qarşı mübarizə aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev məruzəsində dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib.