29.12.2016
Hacıqabulda “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Hacıqabul rayonu “Qubalıbalaoğlan” kənd məscidi dini icması dekabrın 29-da “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, şöbənin əməkdaşı Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev, dini icmanın sədri Alxan Müslümov, icma üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini icmanın üzvü Vahidxan Bağıyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmə ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev tədbiri yüksək qiymətləndirərək dövlətimizin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlər, tolerant dəyərlər və multikulturalizm ilə bağlı geniş məlumat verib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından və təhlükələrindən danışıb. O, dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib.