28.04.2018
Hacıqabul rayonunda Şəhadət”sənədli filmi nümayiş etdirilib
Aprelin 27-də Hacıqabul rayonu 4 saylı orta məktəbdə Hacıqabul Rayonu İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, məktəbin direktoru Hüseyn İbrahimov, Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Natiq Mustafayev, müəllimlər, şagirdlər, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev filmin əhəmiyyətindən danışaraq bildirib ki, film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına həsr olunan filmdə dini radikalizmin törətdiyi fəsadların diqqətə çatdırıldığını bildirib. Natiq onu da vurğulayıb ki, vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda zaman-zaman xalqımızın igid oğulları öz canlarını qurban verib və şəhidlik zirvəsinə ucalıblar. Təəssüflər olsun ki, son zamanlar dünyada meydana gələn dini radikalizm, dini ekstremizm kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini təriqətlərin təsiri altına düşən insanlar ailələrini, doğma torpaqlarını ataraq silahlı münaqişələrə qoşulub və əksəriyyəti də məhv olublar.
Son bir neçə ildə DQİDK tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
Daha sonra “Şəhadət” filmi nümayiş olunub.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.