17.03.2018
Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Hacıqabul rayonu 5 saylı orta məktəbdə nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Hacıqabul rayonu 5 saylı orta məktəbin direktoru Gülüstan Almazova, Hacıqabul Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mudafiəsi komissiyasının məsul katibi Natiq Əhmədov, orta məktəb müəllimləri və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, film gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına və xatirəsinə həsr olunub. Hacıqabul rayonu 5 saylı orta məktəbin direktoru Gülüstan Almazova deyib ki, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda formalaşmasında bu cür sənədli filmlərin böyük təsiri var. Eyni zamanda qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından nümunə olan ölkələrdəndir. 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və ötən il çərçivəsində təkcə yerli səviyyədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, ölkəmizin ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini özünə çəkib.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.

.jpg)